Pərvanə

Həyatımızı gözəlləşdirən, rəng qatan həm də, şıltaq, əlvan kəpənəklərdir. Düşünürəm ki, elə bir insan tapılmaz ki, ömründə bircə dəfə də olsun kəpənək tutmağa cəhd etməsin. Uşaqların çox sevdiyi, hər zaman arxasıyca qaçdığı o zərif, gözəl canlılar hər birimizin gözünü oxşayır, marağına səbəb olur. Müxtəlif rənglərdə, formalarda olurlar. Hamısı da, biri-birindən gözəl. Bəs kəpənəyin bizi haralara apara biləcəyi barədə düşünmüşükmü?

Onlar öz gözəlliyinə aldadıb, insanı istənilən qədər uzaqlara, hətta uçuruma da aparar. Kəpənək tutmağa çalışarkən nə qədər yıxıldığımızı, ağladığımızı necə, xatırlayırıqmı? Məncə yox…

Gözəlliyin arxasıyca düşüb, faciəyə rast gələnlər az deyil. Elə kəpənək həyatı, pərvanə ömrü yaşayanlar da .

Pərvanələr də sevgidən yaranır, sevgisindən məhv olur. Onu yandıracaq, məhv edəcək alovun başına fırlanır. Ona əzab versə də, çırpınıb özünü oda vurur.

Biz insanlar çox vaxt gözəllik axtarışında oluruq. Yaradılanların hər birində gözəllik axtarmaq, o gözəllikdən zövq almaq yaxşıdır. Bəs insana necə, xarici görünüşünə görə qiymət vermək doğrudurmu? Bəzən nələrin bizim üçün təhlükəli ola biləcəyini düşünmürük. Özümüz təhlükənin üzərinə gedir, bizi məhv edəcək oda atılırıq. Bir çoxları insandan başqa bütün canlılara gözəlliyinə görə qiymət verməyi qəbahət hesab etmirlər.

Heç bir canlının əbəs yerə yaranmadığını bilirik. Dərk etməyimiz yetər ki, bu dilsiz-ağızsız, şüursuz sandığımız kəpənəklər də, bizi sınağa çəkə, hətta bəzən aldada da bilir.

Advertisements

Bir şərh yazın

Kateqoriysı news

Yerdən – Dünyaya möhtəşəm hədiyyə……

Neftin tarixi- bu zənginləşmənin, iqtisadi yüksəlişin, konfliktlərin tarixidir. Bu mənada neft, qızılla bir sırada durur. Hansı ki, min illərlə özündə hakimiyyəti və gücü təcəssüm etdirir. Neft sahibləri öz dövrlərinin tarixini yazırlar.

Azərbaycanın da inkişafının, iqtisadi yüksəlişinin, büdcəsinin zənginləşməsinin səbəbi neftidir. Nefti, asand pul qazanmaq yolu hesab edənlər də var. Lakin neft sahəsində çalışanlar, bu işdən başı çıxanlar bunun heç də belə olmadığını yaxşı bilir, bu sahədə çalışmağın nə qədər ağır olduğunu yaxşı anlayırlar.

Hərbi konfliktləri də qeyd etməyimiz əbəs deyildir. Əsrlər boyu qonşularımızın bizi rəqib görməyinin,gözləri götürməməklərinin səbəbi, Azərbaycanın zəngin təbii sərvətləri, xüsusilə də, unikal nefti olmuşdur. Amma neft uğrunda mübarizə bütün dünyaya aiddir. Elə bu səbəbdən də, dünyada neftin tarixinə nəzər salaq.

Şərqi Avropada min il bundan əvvəl nefti “yunan alovu” kimi tanıyıblar. Bu yanar qatışığı bizanslar, slavyanların basqınından qorunmaq üçün düşünüb tapıblar.

1853-cü ildə Lvovda işləyən polşalı əczaçı Yan Yozef İnqaçiy Lukaşeviç, dünyada ilk dəfə xam neftdən təmiz nefti almışdı. 1853-cü il iyulun 31-ində o, yerli xəstəxanaların işıqlandırılmasında ilk neft lampasından istifadə edib. Bu tarix, müasir neft sənayesinin hesabat nöqtəsi hesab olunur.

Tezliklə, neft hasilatı sənayesi Qalisiyada başlayır, bir neçə il sonra rus müəssisəçisi Vasiliy Aleksandroviç Okarev, Bakıda neft zavodu tikir.  1861-ci ildə Bakıda dünya neftinin ümumi həcminin 90%-i hasil olunurdu.

Dünyada ilk neftdoldurma tankeri isə, Nobel qardaşlarının adı ilə bağlıdır. 1878-ci ildə Nobel qardaşlarının sifarişi ilə İsveçrədə ilk neftdoldurma gəmisi “Zaroastr” inşa edilir.

Beləliklə neftin ən yeni tarixi 150 il bundan əvvələ təsadüf edir. Tezliklə neft xam maldan, strateji əhəmiyyətli məhsula çevrilir. Artıq müasir dünyanı “qara qızıl”sız təsəvvür etmək olmaz. Insanlar neft asılılığında qurtulma yollarını axtarsalar da, hələki bu tələbat getdikcə artır.

20-ci əsrin əvvəlləridə ilk energetik dönüş baş verdi- nəqliyyatda kömür əvəzinə, neftdən istifadə olundu.

1920-1930 illəridə növbəti neft məhsulu benzin, istifadə olunmağa başladı.

Ikinci dünya müharibəsindən sonra neft, dünya siyasətilə əlaqələndirici faktora çevrildi. Böyük göstəricidə enerji səfretmə, dünyanın inkişafının göstəricisidir.

Bu dönəmdə müxtəlif iqtisadiyyatçılar və BMT həyəcan təbili çalırdılar ki, neft ehtiyatının tükənməyinə 30 il qalır. Bu vaxtdan isə, artıq 1 əsr keçir. Bu zaman ərzində, ardı-arası kəsilmədən yeni neft mədənləri meydana çıxırdı. Neft, ərəb ölkələrində, Xəzərdə, Venesuelada, Nigeriyada, Anqolada, Rusiyada, yenidən Xəzərdə(ilk mərhələdən yarım əsr sonra) çıxarıldı.

Bir şərh yazın

Kateqoriysı news

Biz zəif deyil, zərif cinsin nümayəndələriyik.

Biz  qadınlar hər zaman kişilərin bizdən bizdən bir, bəzən bir neçə addım öndə olmasından şikayətlənir, onlarla mübarizə aparmağa çalışırıq. Bu mübarizənin nəticəsi isə, heç də hər zaman bizim xeyrimizə həll olunmur. Cəmiyyətə çatdırmağa çalışırıq ki, biz zəif deyil, zərif cinsin nümayəndələriyik.

Işgüzar qadının iş yerində yaşaya biləcəyi problemləri oxuduqda mənim də gələcək də bu problemlərlə üzləşəcəyimi düşündüm. Bəs nə etməli? “Şüşə tavan”ı necə qırıb, karyera qurmalı?

Günlərin bir günü “Ali və Nino” mağazalarının sahibəsi-Nigar Köçərli ilə görüşümüz oldu. Bizimlə söhbətində zərif cinsin güclü nümayəndəsini gördüm qarşımda. Nigar xanım biznesə ilk addımlarını atdığı vaxtdan bu günə-böyük uğurlar əldə etdiyi günə qədər arxasında böyük maadiyyatın və ya hər yerdə keçərli bir adın olmadığını söylədi. Onu uğurlarına səbəb birinci növbədə hədəfə çatmaq üçün istək, həm ürəkdən, həm beyindən gələn səslərə paralel qulaq asmaq, etibarlı dostların dəyərli məsləhətlərini dinləmək olduğunu anladım. Bir çox neqativliklərə baxmayaraq, Nigar Köçərlinin bir brend olaraq mövcud olması cəmiyyətdə zərif cinsin nümayəndələrinin də özlərinə yer tuta bilməsinin əyani göstəricisidir.

Mən də diskriminasiya və ya gender problemi ilə qarşılaşdığımı düşünürəm. Azərbaycan Dövlət  Neft  Akademiyasının da yazılmamış qanunlarından biri orada əsasən oğlan tələbələrin təhsil almasıdır. Biz qrupda 22 nəfərik:21 oğlan və mən. Dərsə getdiyim ilk gündən hər kəsdən ayrı-ayrılıqda : “Topladığın bal başqa ixtisas və ya başqa universitetlərə də daxil olmağa imkan verərdi, niyə bura daxil olmusan?” – sualını eşidirdim. Qrup yoldaşlarım mənə qarşı xüsusi nəzakət və diqqət nümayiş etdirsələr də, məni özlərindən ayırır, çox vaxt bir yerdə toplaşırdılar. Zaman-zaman mən onların mənə olan münasibətlərini dəyişdirməyə çalışdım. Səmimiyyətim və onlara olan dost münasibətim cavabsız qalmadı. Artıq sinfə daxil olduqda mənimlə də salamlaşır, hal-əhval tuturdular. Amma bu hələ mənim onlardan biri olduğumu sübut etmək üçün kifayət etmirdi. Onlara yaxın olmaq üçün dərsdən əlavə də münasibətlərimizin olması vacib idi. Başlanğıc bayramlarda yazılan mesajlar oldu. Hansı ki, bu mesjlar artıq mənim üçün köhnə tanışlarımın bayram təbriklərindən də önəmli oldu. Daha sonra adi günlərdə də dərslərlə bağlı suallar və ya tətil günlərində əhvalımı soruşmaq üçün mesaj yazmağa və ya zəng vurmağa başladılar. Artıq akademiyamızın yaxınlığında yemək yeməyə getdikləri yerlərə məni də aparırdılar. Daha sonra internet, facebook……..

Bu gün qrup yoldaşlarım mənə zəng vurub : “ Gülnar, Almaniya-İspaniya oyununa baxmağı unutma” deyirlərsə, demək mən artıq onlardan biri ola bilmişəm. Gələcəkdə də uğurlu karyera qura biləcəyimə inanıram.

Bir şərh yazın

Kateqoriysı news

Yatar, ölər bədənim, nitqdən düşər bir söz…

Ana, hələ cəmiyyət ilk formalaşan andan, ibtidai icma quruluşunun hökm sürdüyü vaxtdan, ailədə əsas hüquqlara malik, başlıca səlahiyyətləri olandır. Uşaqları tərbiyə etmək, qida tapmaq, müqəddəs hesab olunan odu qoruyub-saxlamaq və s. kimi vəzifələr anaya məxsus olmuşdur. Zərif cinsin nümayəndələri, incə, qayğılı çiyinlərində hər zaman ağır, böyük yüklər daşımışdır.

Ana bizi dünyaya gətirən, boya-başa çatdıran, tərbiyə edən, yaşama səbəbi olaraq bizi görəndir. Ana bütün ömrü boyu övladlarına təmənnasız xidmət xidmət edən, qayğı göstərəndir. Bəli, bütün övladlarına. Hətta nankoruna, nadanına da.

Ana haqqında çox şairlər, yazarlar yazsa belə, çox rəssamlar obraz yaratsa belə, onun şəninə deməyə söz, yaratmağa obraz hər zaman var.

Anaların övladlarını bu qədər sevdiyi halda, dünyanın hər yerində internatlar, uçaq evləri, SOS kəndləri yaradılır. Minlərlə uşaq ailə qayğısından məhrum yaşayırlar. Hər zaman bir atılmış körpə gördüyümüzdə ilk ağlımıza gələn sual “Bir ana öz övladını ata bilərmi?” – sualı olur.

Məni düşündürən isə, başqa bir sual oldu. Əcəba Allahın yaratdığının dünyaya gəlişində vasitəçi anayla bərabər həm də, ata deyilmi? Bizim cəmiyyətdə bir qayda olaraq ailə başçısı ata hesab olunur. Bəs nəyə görə atılmış uşaq görərkən , ağlımıza anasının onu atdığı gəlir? Bəs ata?

Mənimçün çox maraqlı olan bu sualı səmimi şəkildə atama ünvanladım. Cavab isə belə oldu:

“Ailədə övladların tərbiyəsi ilə ana məşğul olur. Övladı tərbiyə etmək isə, uşaq ananın bətnində olarkən başlanır. Ananın bütün düşündükləri, keçirdiyi bütün hisslər bilavasitə körpəyə ötürülür. Ananın övlada olan məhəbbəti sonradan qazanılan bir şey deyil. Hələ dünyaya gəlməmişdən, uşağın formalaşması üçün ona ötürülən qidalardan ən önəmlisi də, ana məhəbbəti, tərbiyədir”.

Ata hər bir övladın arxası, dayağı, onunçun gecə-gündüz çalıçan, əziyyət çəkəndir. Lakin, əks cinsin nümayəndələri də, ananın böyüklüyünü, müqəddəsliyini danmır. Fiziki cəhətdən nə qədər güclü olsalar da, anaların etdiklərini əvəzolunmaz sayırlar. ən azından ona görə ki, onları da dünyaya gətirən, sevgisin verən, tərbiyə edən, anadır!

Bir şərh yazın

Kateqoriysı news

Sən tək deyilsən!

Insanlar ən çox tənhalıqdan şikayətlənirlər. Ailələri, dostları olanlar, harda olduqlarından asılı olmayaraq, özlərini yalnız hiss etdiklərini bildirirlər. Əslidə isə, heç kim tək deyil. Yaradan yaratdığı heç bir möhtəşəm varlığı tək yaratmadı. Yalnız qalmamaqçun kölgəsi ilə birgə yaratdı yaradılanları. Elə insanı da. Kölgəmiz bizi daim izliyir, arxamızca sürünür,  tək qalmağa qoymur. Bəlkə də kölgəni yaratdı ki, daim nəzarətdə olduğumuzu unutmayaq. Hər birimiz, axirətdə əməllərimizə görə cavab verməli olduğumuzu yaxşı bilməliyik. Bəndələr  bilməlidir ki, əməlləri heç sayılmaz,  mütləq gördüyü işlərin hesabını verməlidir.  Kölgəmiz bizi aynasız görsədər, kim olduğumuzu unutmağa qoymaz. Bu zaman güzgü rolunu həyat oynayar. Görsənən isə təkcə biz deyil, yaşadıqlarımız, etdiklərimiz olar.

Bu səbəbdəndir ki, bəzi insanlar kölgələrindən qorxarlar. Özlərini günahlar içində, bir deyil, bir neçə kölgənin əhatəsində hiss edərlər. Kölgələrinə baxdıqda günahlarının onları qara-baqara izlədiyini görərlər. Öz kölgəsindən qorxanlar xain adamlardır ki, atalar yaxşı deyib: “Xain adam xoflu olar”.

Elə adamlar da var ki, həyatda insan kimi deyil, kölgə kimi yaşıyırlar. Yaşlarından asılı olmayaraq, cəmiyyətdə özlərinə görə hörmət, ad-san qazana bilmirlər. Kiminsə kölgəsində gəzir, arxasında gizlənir,  əslində isə yaşamır, sürünürlər.

Kimdən, nədən qaçmaq istəsək də, kölgəmizdən qaçmaq mümkün deyil. Odur ki, heç qaçmağa cəhd də etmədən, onunla paralel yaşamalı, kölgəmizdə daxilimizi görməliyik.

Bir şərh yazın

Kateqoriysı news

Mediada senzura, ya avtokontrol?

Hər bir sahənin inkişaf teməsi üçün, bu sahəyə qulluq edən insanlar davranış qaydalarına, peşə kodeksinə, protokola riayət etməlidir. Bu gün Azərbaycanda medianın vəziyyəti, KİV-lərin inkişaf səviyyəsi bir o qədər də ürək açan deyil. Bir neçə internet radio, internet TV olsa da, qəzetlərin internet saytları açılsa da bütün dünyanı ələ alan “new media” bizdə hələ formalaşmayıb. Əsas problemlərdən biri də, bir çox qəzetlərin jurnalistika prinsipini ayaqlayaraq müxalifət və iqtidar yönümlü olmaqla iki yerə ayrılmasıdır. Bunun nəticəsində, biz yalnız bir neçə xəbəri bütün qəzetlərdən oxuya bilərik. Məqsəd isə, yazılan yazılarla bir-birini təkzib etməkdir. Beləliklə, informasiyanın bol olduğu bir dövrdə insanlar məlumatsız qalır, dezinformasiya problemi ilə üzləşirlər.

Məşhur “Time” jurnalının təsisçilərindən olan Henri Lyus demişdir ki: “Hazırki dövrün qəribəliyi ondan ibarətdir ki, insanlar bu boyda informasiya bolluğunda belə məlumatsız qalırlar. Məlumat o qədər çoxdur ki, heç kəsin onların arasından ən maraqlısını seçməyə həvəsi yoxdur”.

Mövcud olan problemlərlə bərabər reket jurnalistikası da fəliyyət göstərir ki, hansı mənbədən qaynaqlandığı məlum olmayan bu qəzetlər barədə danışarkən, protokol qaydalarından nümunə gətirməyə dəyməz.

Bu da faktdır ki, inkişaf üçün maliyyənin də olması mütləqdir. Lakin bizdə, KİV-lərin büdcəsi onların bir biznes qurumu kimi formalaşa bilməməsindən xəbər verir. Bu zaman belə bir sual meydana çıxır. Mediamızda senzuraya ehtiyac varmı?

Inkişafdan danışırıqsa, 21-ci əsrdə yaşadığımızı unutmamalıyıq. Müasir dövrdə, azad cəmiyyətdə yaşadığımız halda, azad söz hüququmuzun olduğu təqdirdə, bizə senzura qoyulması absurd görünər. “Avtokontrol” termini əbəs yerə yaranmamışdır. Demək ki, sağlam inkişaf üçün  hər birimiz fərd olaraq özümüzə nəzarət etməyi bacarmalı, azadlığımızı öz məsuliyyətimizlə məhdudlaşdırmalıyıq.

Ümumilikdə KİV-lərin fəaliyyətinə gəldikdə isə, təəssüf ki, bizim qanunvericilikdə media ombudsmanlığı ilə bağlı qanun qəbul olunmayıb. KİV-lərdə peşə və vicdan qaydalarına nəzarət edəcək, cəmiyyətin fikrini öyrənib, tənqidlərdən nəticə çıxarıb, təklifləri nəzərə alan azad və peşəkar bir insana-ombudsmana niyə də ehtiyac olmasın. Dünya təcrübəsində hələ 1809-cu ildən İsveçdə yaranan media ombudsmanından geniş istifadə etmək təsadüfi deyildir. Beləliklə, media qurumu rəhbəri öz məhsulunun keyfiyyətini artıra, işçilərin-jurnalistlərin protokol qaydalarına riayət etməsini bilavasitə tənzimləyə, həmçinin oxucunun güvənini qazana bilir.

Azərbaycanda media strukturunu yenidən yaratmaq mümkün olmasa da, bir sıra dəyişikliklər edib, yeniliklər yaratmaqla sağlam inkişafa nail olmaq mümkündür.

Bir şərh yazın

Kateqoriysı news

İTİRDİM…

Insan övladı maddi aləmdə yaşayır. Nə qədər gözütox olduğumuzu desək də, “dünyanın malı elə dünyada qalacaq” kəlmələrini öz dilimizlə dönə-dönə təkrar etsək də, dünya malında bəşər övladının hər zaman gözü vardır. Elə bu səbəbdəndir ki, itgiyə hər zaman, hər kəsin bəlli bir reaksiyası olur. Kimisi itirdiyi müddətdə, kimisi bütün ömrü boyu axtarır. Axtaran tapar- deyərlər. Həqiqətən, həyatda sübut olunur ki, qərarında qəti olanlar, ciddi cəhdlə, böyük səylə axtaranlar itirdiyini, axtardığını tapır. Daha düzgün desək, maddi olaraq itirdiyini tapır. Hər itirdiyimiz də maddi deyil axı…

Yarandığımız  gündən itirə-itirə gedirik. Kimisi xarakterinin zəif nöqtəsinə toxunanda özünü , kimi sevdiklərini, kimi sağlamlığını, kimi də, ömrünü hədər yaşayıb zamanını itirir. Bu da hamısı deyil. Nə çoxdur mənliyini, şərəfini, yolunu itirənlər. Böyüdükcə uşaqlığını, yaşlandıqca cavanlığını, sonda isə, həyatını itirir. Itirir və o biri həyatını qazanır. Demək ki, bəzən qurbanlar da verməli, nələrdənsə imtina etməli, elə məhz nələrisə itirməli oluruq. Itiririk. Yeniləri qazanmaq ümidi ilə…

Vay o günə ki, innsanın kiminsə yanında inamı itsin. O an nə ümid gözləməyə, nə də təsəlliyə ehtiyac olmaz. Bu zaman qazandığımız, böyük bir heç olar. Bəlkə də dünyanın ən faciəvi, ən qorxunc, ən utancverici kəlmələridir- “Sənə olan inamım itib!” Bunu eşidən qulaqlar kar olmaq istəyər. Qulaq sahibi “yer aralansaydı, içinə girərdim” – düşünər. O an, dünya malında gözü olan dünya sakininin gözündə nəinki mal, heç dünyanın özü də olmaz. Yaşamaq məqsədi, həvəsi, həyatın mənası saralmış payız yarpağı tək düşər insanın gözündən. Tanıdıqların, tanımadıqların, dünyanın istənilən yerindən, dilindən, dinindən, irqindən asılı olmayaraq, danışa bilən bütün canlı məxluqlar sənə inandığını desə də,fayda etməz.

Kiminsə sənə olan inamını itirməsini bilmək pərt olmaq, utanmaq, təəssüf etmək kimi adicə bir hiss deyil. “Sənə olan inamım itib!” kələmisin hər dəfə xatırlayanda vücudunda titrəyiş hiss edərsən, göz yaşların gözündə, demək istədiklərin qəhər olub boğazında donar. Zaman keçdikcə donu açılar, həmin qəhər zəhər kimi içinə axar, səni çox incidər. Nə etsən, fayda verməz. Daha doğrusu, heç nə etməz, heç nə deməzsən. Bir insanı NƏyəsə inandırmaq üçün deyə biləcəyin ən təsirli kəlmələr, ən bədii ifadələr mənasız görünər sənə. Çünki, bu “NƏ” deyil. Bu hissdir, inam hissidir.

Bir şərh yazın

Kateqoriysı news